2 sentyabr 2025-ci il tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Birliyin üzvü “Borusan Makina və Güc Sistemləri Sənaye və Ticarət A.Ş”-in Azərbaycan nümayəndəliyini ziyarət edib.
Şirkətin ofisində keçirilən görüşdə ölkə direktoru Nihat Berk Öztürk, ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyəti sədrinin müavini Tahsin Gündem, İdarə Heyətinin üzvləri Erdem Ercin, Seymur Bünyatov, Muhterem Öz, Araz İsmayılov və Katibliyin nümayəndələri iştirak ediblər.
İlk olaraq ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov Şirkətin uzun illərdir Birliklə əməkdaşlıqda nümayiş etdirdiyi fəallığı, ATİB-in müvafiq sahələrdə həyata keçirdiyi təşəbbüslərə olan maddi-təşkilati dəstəyini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Bununla yanaşı İdarə Heyətinin sədri Şirkətin 1998-ci ildən Azərbaycanın iqtisadiyyatının dirçəldilməsi, bilavasitə ölkə sənayesinin inkişafı istiqamətində töhfələrinin önəmini nəzərə alaraq, “Borusan”-ın ATİB üzvü olmasından xüsusilə məmnunluq duyduğunu dilə gətirib.
Görüş çərçivəsində Nihat Berk Öztürk 3 qitədə 11 ölkədə 14000-ə yaxın işçi ilə fəaliyyət göstərən Borusan Holdinqin ümumilikdə 6 fərqli sahədə aparıcı mövqedə yer aldığını diqqətə çatdırıb. 28 ildir ki Azərbaycanda Borusan Cat Azərbaycan nümayəndəliyi olaraq təmsil olunan şirkətin həmçinin Gürcüstan, Qazaxıstan və Qırğızıstanda da Caterpilların yeganə nümayəndəliyi olduğunu vurğulayan Nihat Berk Öztürk, Borusan Cat texnikalarının artıq işğaldan azad edilmiş bölgələrimizin yenidən qurulmasına da cəlb olunmasından qürur hissi duyduğunu bildirib.
Görüş qarşıda duran prioritetlər və birgə fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi ilə davam edib.