earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Bakıda Gülüstan sarayında Türkiyə Respublikasının yaranmasının 102-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

bakida-gulustan-sarayinda-turkiye-respublikasinin-yaranmasinin-102-ci-ildonumu-munasibetile-resmi-qebul-teskil-edilib-1

29 oktyabr 2025-ci il tarixində Bakıda Gülüstan sarayında Türkiyə Respublikasının yaranmasının 102-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

 

Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova başda olmaqla parlamentin deputatları, dövlət və hökumət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri və üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə heyətinin sədri Mürsəl Rüstəmovun başçılıq etdiyi nümayəndə heyəti, habelə mədəniyyət və incəsənət xadimləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

 

Tədbirin açılışında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Prezident Rəcəb Tayyib Ərdoğanın bayram münasibətilə təbrik məktubunu oxuyub.

 

Daha sonra çıxış edən səfir Prof.Dr Birol Akgün Atatürkün “Yurdda sülh, dünyada sülh” kəlamını dilə gətirərək Türkiyənin beynəlxalq münasibətlərdə sülh və sabitlik prinsiplərinə sadiq qaldığını və dünya xalqları arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə önəm verdiyini bildirib. Səfir “Bir millət, iki dövlət” prinsipi əsasında Türkiyənin beynəlxalq müstəvidə Azərbaycanın haqlı mövqeyinin daim dəstəkləməkdə davam edəcəyini qeyd edib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cümhuriyyət Bayramı münasibətilə təbriklərini və ən xoş arzularını çatdıran Milli Məclisin sədri Sahibə Qafarova çıxışında Azərbaycan və Türkiyə arasındakı mövcud münasibətlərin yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmadığını, eyni zamanda bu bağların ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər üzərində qurulduğunu diqqətə çatdırıb. Türkiyənin Vətən müharibəsi dövründə göstərdiyi siyasi və mənəvi dəstəyi xatırladan Sahibə Qafarova dost ölkənin bu dəstəyinin xalqımızın yaddaşına əbədi olaraq yazıldığını və qardaşlıq münasibətlərini ən yüksək zirvəyə çatdırdığını vurğulayıb.

 

Tədbir ziyafət və konsert proqramı ilə davam edib.                                                                                            

Paylaş
Baxış sayı:
Baxış sayı
28
Tarix:
Tarix
29/10/2025
WhatsApp icon