17 sentyabr 2025-ci il tarixində “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırdığı “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi üzrə yekun tədbir keçirilib.
Tədbirdə millət vəkili, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, əməkdar jurnalist Elçin Mirzəbəyli, millət vəkili, Azərbaycan-Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir, Qazaxıstan səfirliyinin müşaviri Yedil Mırzaxanov, Şimali Kipr Türk Respublikasının Azərbaycan nümayəndəliyinin rəhbəri Ufuk Turqaner, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, həmçinin ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri, o cümlədən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin üzvü Rafiq Qarayev iştirak ediblər.
Tədbirdə çıxış edənlər layihənin türk dünyasının ortaq mirasının bu gündən gələcəyə daşınması baxımından önəmindən bəhs ediblər.
Çıxışlardan sonra layihəyə dəstək verən şəxslərə plaket və təşəkkür sertifikatları təqdim edilib. Eyni zamanda layihə çərçivəsində Türkiyə universitetlərində təhsil alan türk dünyası tələbələri arasında keçirilmiş “Bizim ailəmiz Türk dünyasıdır” adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
Daha sonra isə CASCFEN və İzmir Azərbaycan Dərnəyi arasında əməkdaşlıq protokolu imzalanıb.