10 noyabr 2025-ci il tarixində İki Dövlət Tək Millət Parkında Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün vəfatının 87-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
Mərasimdə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Prof.Dr. Birol Akgün, Səfirliyin əməkdaşları, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner, Azərbaycanda fəaliyyət göstərən türk iş adamları, elm və təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri, eləcə də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə heyətinin sədri Mürsəl Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.
Ulu Öndər Atatürkün xatirəsinin bir dəqiqəlik sükutla anılması və Türkiyə Respublikasının "İstiqlal Marşı"-nın səslənməsinin ardınca Səfir Prof. Dr Birol Akgün adından Parkda yerləşən abidə qarşısına gül çələngi qoyulub.
Birol Akgün çıxışında Atatürkün təkcə Türkiyə üçün deyil, bütün türk dünyası üçün müstəqillik, azadlıq və müasirlik rəmzi olduğunu vurğulayıb. O, Atatürkün “Yurdda sülh, cahanda sülh” prinsipinin bu gün də Türkiyənin xarici siyasətinin əsas istiqamətlərindən biri olduğunu və bölgədə sülh, əməkdaşlıq və sabitliyin bərqərar olmasına xidmət etdiyini bildirib.
Daha sonra iştirakçılar Atatürkün abidəsinin qarşısına gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.