Mayın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində Türk Dünyası İqtisad Fakültəsinin təşkilatçılığı ilə süni intellekt və rəqəmsal transformasiya kontekstində I Beynəlxalq Türk Dünyası İqtisad Konfransı (ITWEC 2026) keçirilib.
Konfransda dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbər şəxsləri və akademik heyət üzvləri, eləcə də Azərbaycan-Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin üzvü Rafiq Qarayev və Birliyin üzvü Cemal Yangın iştirak ediblər.
Konfransın açılışında çıxış edən UNEC-in tədris üzrə prorektoru, dosent Gəray Musayev mövzunun aktuallığını vurğulayaraq süni intellektin təhsildə tətbiqi, bu sahə üzrə tədris proqramlarının hazırlanması, həmçinin UNEC-də tədris və idarəetmə proseslərinin rəqəmsallaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazgan UNEC-in ənənəvi olaraq keçirdiyi konfransın Türk Dünyası ölkələrinin ali təhsil müəssisələrini bir araya gətirməsinin əhəmiyyətini vurğulayıb.
Türk Dünyası İqtisad Fakültəsinin dekanı Dr. Yusif Əliyev konfrans barədə ətraflı məlumat verərək builki tədbirin Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkmənistandan alimləri, tədqiqatçıları və müxtəlif sahələr üzrə mütəxəssisləri bir araya gətirdiyini qeyd edib.
Qazaxıstan Respublikası Beynəlxalq Turizm və Otelçilik Universitetinin dosenti Sabit Baymaganbetov isə Türk Dünyasında iqtisadi inteqrasiyanın gücləndirilməsi, rəqəmsal transformasiya şəraitində universitetlərarası əməkdaşlığın genişləndirilməsi və birgə elmi təşəbbüslərin əhəmiyyətindən danışıb.
Tədbir panel müzakirələri ilə davam edib.