18 sentyabr 2025-ci il tarixində Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə “Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusuna həsr olunan forum keçirilib.
27 Sentyabr - Anım Gününün beşinci ildönümü münasibətilə “Qarabağ Dirçəliş Fondunun Dostları” işgüzar platforması çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, rəsmi şəxslər, QDF-in donor və tərəfdaşları, o cümlədən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ailə üzvləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən QDF İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və AQUPDK sədri Bahar Muradova tədbirin mahiyyəti ilə bağlı fikirlərini bildiriblər.
Daha sonra tədbir panel müzakirələri ilə davam edib.
QDF-in Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə keçən panel müzakirələri zamanı Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, QDF İdarə Heyətinin sədri Rəhman Hacıyev, Milli Məclisin deputatı Nigar Məmmədova və Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Fərhad Məmmədov təqdimatla çıxış ediblər.
Tədbirdə çıxış edən QDF-in donor və tərəfdaşı, habelə ATİB üzvləri olan “Huner Group” şirkətinin təsisçisi Ehtiram Quliyev və Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Qrup CEO-nun korporativ funksiyalar üzrə müavini İlqar Nuri işğaldan azad edilmiş ərazilərin bərpasında yerli şirkətlərin yaxından iştirakının vacibliyini vurğulayaraq QDF-lə əməkdaşlıq çərçivəsində bu istiqamətdə həyata keçirdikləri layihələrlə bağlı geniş məlumat veriblər.
Çıxışlardan sonra sual-cavab sessiyası keçirilib.