earth-for-language az
Qeydiyyat
Qeydiyyat

“Qarabağ KOB-ları layihəsi”nin 2025-cü ildə icrasına dair tədbir keçirilib

10 yanvar 2025-ci il tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin, İnkişaf Korporasiyasının və Milli Təhsil Texnologiya Mərkəzinin birgə tərəfdaşlığı, “Paşa Holding” MMC-nin maliyyə dəstəyi ilə “Qarabağ KOB-ları layihəsi”nin 2025-ci ildə icrasına dair tədbir keçirilib.

Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, iş adamları və biznes assosiasiyaların təmsilçiləri, o cümlədən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmovun başçılıq etdiyi nümayəndə heyəti və layihəyə cəlb olunmuş müharibə iştirakçıları, qazilər, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə iştirakçılarına yönələn geniş sosial dəstək paketindən bəhs edib. O, “Qarabağ KOB-ları” layihəsinin şəhid ailələri, müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğuna dəstək verilməsindəki əhəmiyyətini vurğulayıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, “Qarabağ KOB-ları layihəsi” ölkəmizdə Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və dəstəyin bir hissəsidir. O, qazilərin, müharibə iştirakçılarının və onların ailə üzvlərinin, həmçinin şəhid ailələrinin sosial rifahını yaxşılaşdırmaq və məşğulluğunun təmin olunmasına dəstək olmaq məqsədilə 2023-cü ildən icra olunmağa başlanıldığını bildirib. Məmmədov, layihə çərçivəsində 2025-ci ildə 70, ümumilikdə isə 120 KOB subyektinin yaradılacağını və “Qarabağ KOB-ları” layihəsinin 2025-ci ildə də davam edəcəyini vurğulayıb.

Həmçinin, “Qarabağ KOB-ları layihəsi”nə cəlb olunmuş Vətən Müharibəsi iştirakçısının ailə üzvü Aynur Məmmədova və “PAŞA Holding” MMC-nin Aparat rəhbəri Dəyanət Sədullayev layihə barədə öz təəssüratlarını bölüşüblər.

Paylaş
Baxış sayı:
Baxış sayı
107
Tarix:
Tarix
10/01/2025