4 mart 2026-cı il tarixində Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” şirkətinin birgə əməkdaşlığı ilə hazırlanmış TəhsilPlus kartının tətbiqində növbəti mərhələsinin təqdimatı keçirilib.
Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, tərəfdaş təşkilatların nümayəndələri, media təmsilçiləri, biznes assosiasiyalarının təmsilçiləri, o cümlədən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli Fondun fəaliyyətini dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi, innovativ layihələrin təşviqi və təhsil müəssisələrinin davamlı dəstəklənməsi prinsipləri əsasında qurduğunu bildirib. Sədr TələbəPlus kartından sonra TəhsilPlus kartının istifadəyə verilməsinin bu strategiyanın davamı olduğunu, habelə təhsil işçiləri üçün vahid, çoxfunksional həll təqdim etdiyini vurğulayıb.
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə TəhsilPlus layihəsinin ölkə üzrə yüz minlərlə təhsil işçisini vahid çoxfunksiyalı platforma ətrafında birləşdirərək, onların sosial təminat imkanlarını genişləndirəcəyini, əlavə güzəşt və üstünlüklər təqdim edəcəyini qeyd edib.
Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə TəhsilPlus kartının minlərlə təhsil işçisi üçün güzəştlər və bonuslar təqdim edən çoxfunksiyalı həll olmaqla dövlət-özəl tərəfdaşlığı əsasında yaradıldığını dilə gətirib.
“Mastercard” şirkətinin Biznesin inkişafı üzrə vitse-prezidenti Engin Yaşar TəhsilPlus kartının rəqəmsal texnologiyaların təhsil işçilərini təhlükəsiz, çoxfunksiyalı və gələcəyə yönəlik həllərlə gücləndirərək real və davamlı təsir yaratmasının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Rəsmi çıxışların ardınca, TəhsilPlus kartının tanıtım çarxı nümayiş olunub.
Daha sonra TəhsilPlus kartının tətbiq mexanizmi və funksional imkanları barədə geniş təqdimat olunub.
Tədbir çərçivəsində Təhsilin İnkişafı Fondu ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq sənədləri imzalanıb.