4 sentyabr 2025-ci il tarixində Təhsilin İnkişafı Fondunun (TİF) İdarə Heyətinin sədri Elnur Nəsibov və Layihələrin İdarə olunması şöbəsinin müdiri Rəsul Həşimov Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olublar.
Görüşdə ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyəti üzvləri Rafiq Qarayev, Nigar Ələsgərova, “Coca-Cola Azərbaycan” şirkətinin İctimaiyyətlə əlaqələr və Kommunikasiya direktoru Türkan Manaflı və Birliyin Katibliyinin rəhbəri Mehriban Əsədli iştirak ediblər.
Öncə Təhsilin İnkişafı Fondunun fəaliyyət istiqamətləri barədə danışan Elnur Nəsibov müvafiq sahədə dövlət-özəl tərəfdaşlığına xüsusi diqqət yetirdiklərini qeyd edib. O, ölkədə təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələrin maliyyələşdirilməsi məqsədilə təsis edilmiş Fondun müxtəlif yerli və beynəlxalq qurumlarla icra etdiyi təqaüd proqramları ilə yanaşı tələbə və məzunlar üçün təcrübə proqramları, davamlı inkişaf mərkəzləri, tələbələrin sosial həyatına dəstək və s. məqsədli bir sıra layihələri də təşviq etdiyini bildirib. Elnur Nəsibov həmçinin ötən dövr ərzində dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması istiqəmətində müvafiq əməkdaşlıqlar çərçivəsində 7 məktəb binasının tikintisinə başlanıldığını, növbəti mərhələdə isə tələbə yataqxanalarının infrastrukturunun təkmilləşdirilməsi layihələrinin planlaşdırıldığını qeyd edib.
ATİB-in təsis məqsədləri və bu günədək həyata keçirdiyi işlər barədə məlumat verən Mürsəl Rüstəmov Birliyin iki ölkənin iqtisadi inkişafı ilə yanaşı, sosial-mədəni sahələrinin tərəqqisinə də töhfə verməyi öz prioriteti olaraq müəyyən etdiyini bildirib. Sədr bu kontekstdə həm dövlət, həm vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa daim açıq olduqlarını, TİF ilə qarşılıqlı fəaliyyətin də səmərəli olacağından əmin olduğunu qeyd edib.
Görüşdə həmçinin əmək bazarının tələblərinə uyğun kadr hazırlığında problemlər, ölkənin gələcək inkişafı naminə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün görülməli işlər, habelə digər məsələlər müzakirə olunub.
Sonda bu istiqamətdə dövlət-özəl tərəfdaşlığının vacibliyi barədə ortaq fikrə gələn tərəflər əməkdaşlıq memorandumunun imzalanmasına dair razılıq əldə ediblər.