2025-ci il aprelin 10-da Ankarada “EkoAvrasiya” Fondu, “İpekyolu” İctimai Diplomatiya Təşkilatı və Türk Dünyası Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Birliyi (TÜRKSİT) tərəfindən təşkil edilən “Türk Dünyası Vətəndaş Cəmiyyəti Konfransı” baş tutub.
Tədbirin əsas məqsədi Türk dünyasında birliyin gücləndirilməsi və qeyri-hökumət təşkilatlarının əhəmiyyətinə diqqət çəkmək olub. Konfransda Azərbaycan Milli Məclisinin deputatı Dos. Dr. Tənzilə Rüstəmxanlı, Türkiyə Böyük Millət Məclisinin Ankara millət vəkili Prof. Dr. Kürşad Zorlu, Nevşehir millət vəkili Prof. Dr. Filiz Kılıç, İstanbul millət vəkili və Türkiyə–Azərbaycan dostluq qrupunun sədri Şamil Ayrım, Türkiyə Daxili İşlər Nazirliyinin QHT-lərlə Əlaqələr Baş İdarəsinin nümayəndəsi Fəxrəddin Kaya, TÜRKSOY Baş katibinin müavini Sayot Yusuf, Dünya Ahıska Türkləri Birliyinin Baş katibi Fuad Uçar, Krım Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyinin Sədri Mükremin Şahin, Ankara Ticarət Palatasının İdarə Heyətinin sədri Gürsel Baran və digər ictimai-siyasi xadimlər iştirak ediblər.
Azərbaycan-Türkiyə İş Adamları Birliyini təmsil edən İdarə Heyətinin üzvü Nigar Ələsgərova “Türk dünyasında vətəndaş cəmiyyəti institutlarının əhəmiyyəti və qurumlararası əlaqələrdə rolu” adlı paneldə çıxış edib. O, Türk dünyasının bir bütün halına gəlməsi, ortaq tarix və dəyərlərin öyrənilməsi istiqamətində QHT-lərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. “Dövlətlərarası əməkdaşlıq qədər, QHT-lər arasında əlaqələrin də inkişaf etdirilməsi vacibdir,” – deyə o qeyd edib və əlavə edib: “Artıq vətəndaş cəmiyyətinin liderliyində ortaq vizyonla hərəkət edən güclü bir Türk dünyası qurmağın vaxtıdır.”