15 oktyabr 2025-ci il tarixində ölkəmizdəki xidmət müddəti başa çatmış Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin İkinci Katibi Levent Kızılbağlı Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.
ATİB ofisində keçirilən görüşdə ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvü Rafiq Qarayev və Katibliyin rəhbəri Mehriban Əsədli iştirak ediblər.
Levent Kızılbağlı xidməti dövründə fəaliyyətinin əsasən Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə, siyasi və iqtisadi sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəldiyini vurğulayıb. Qardaş ölkələrin bir-birilərinin çətin dövlərlərində göstərdiyi dəstək və yardımları qeyd edən Levent Kızılbağlı ölkələrimiz arasında həmrəylik ruhunun və qarşılıqlı etimadın ötən müddət ərzində daha da möhkəmlənməsini yüksək qiymətləndirdiyini bildirib. İki ölkə arasında mövcud qardaşlıq əlaqələrinin ortaq tarix və köklərə əsaslandığını vurğulayan Levent Kızılbağlı bu bağların yalnız diplomatik münasibətlərdə deyil, eyni zamanda sosial və mədəni əlaqələrdə davamlı nəticələrin əldə olunması məqsədilə inkişaf etdirilməsinin əhəmiyyətinə də diqqət çəkib.
ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov Levent Kızılbağlıya bu günədək Birliyin fəaliyyətinə göstərdiyi diqqət və dəyərə görə təşəkkürünü bildirirərək yeni təyinatı münasibətilə təbrik edib. Sədr Levent Kızılbağlının iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirdiyini vurğulayaraq, bu təşəbbüslərin davamlılıq baxımından önəmini qeyd edib. Daha sonra Mürsəl Rüstəmov ölkələrimiz arasında formalaşmış dərin bağlılıq və sarsılmaz müttəfiqlik münasibətlərinin qarşılıqlı inam və dostluğun ən aydın ifadəsi olduğunu bildirib. İdarə Heyətinin sədri Levent Kızılbağlıya növbəti vəzifələrində də uğurlar arzulayaraq yeni təyinatlarında da Türkiyə Respublikasının maraq və rifahı naminə eyni peşəkarlıq və səylə fəaliyyət göstərəcəyinə inamını ifadə edib.
Sonda Levent Kızılbağlıya ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov adından xatirə hədiyyəsi təqdim edilib.