earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin kənd təsərrüfatı məsələləri üzrə müşaviri Hakan Kalender və əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Fatih Bilal Alodalı Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olublar.

turkiye-respublikasinin-azerbaycandaki-sefirliyinin-kend-teserrufati-meseleleri-uzre-musaviri-hakan-kalender-ve-emek-ve-sosial-mudafie-meseleleri-uzre-musaviri-fatih-bilal-alodali-azerbaycan-turkiye-is-adamlari-birliyinin-qonagi-olublar-1

2 oktyabr 2025-ci il tarixində Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin kənd təsərrüfatı məsələləri üzrə müşaviri Hakan Kalender və əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Fatih Bilal Alodalı Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olublar.



ATİB Ofisində qonaqları İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvləri Rafiq Qarayev, Rüfət Əliyev, Seymur Bünyatov və Birliyin üzvü Eyyub Cavanşir qəbul ediblər.



Azərbaycanda xidmət müddətinin başa çatdığını bildirən Hakan Kalender bu günədək iki ölkə arasında aqrar, qida təhlükəsizliyi, su ehtiyatlarının idarə olunması və dayanıqlı inkişaf sahələrində əməkdaşlığın inkişaf etdirilməsi yönündə görülmüş işlər, o cümlədən buradakı fəaliyyəti dövründə müvafiq istiqamətdə müşavir kimi şəxsi səyləri barədə danışıb. Mövcud əlaqələrin inkişaf perspektivləri və beynəlxalq təşkilatlarla tərəfdaşlığın genişləndirilməsi məsələlərinə də toxunan müşavir həm qardaş ölkə, həm də digər xarici ölkələrdən investorların ölkəmizdə aqrar sahədə mövcud əlverişli investisiya mühiti, eləcə də sahibkarlar üçün yaradılan şərait barədə daha çox məlumatlandırılmasının vacib olduğunu vurğulayıb.



Əmək və sosial müdafiə məsələləri üzrə müşavir Fatih Bilal Alodalı ortaq milli dəyər və ənənələrə malik xalqlarımızın iqtisadi və sosial inkişaf yolunda bənzər çətinliklərlə üzləşdiyini qeyd edərək son illərdə iki ölkə arasında müvafiq sahələrdə təcrübə mübadiləsinin artmasını müsbət hal kimi dəyərləndirib.



ATİB İdarə Heyətinin sədri öz növbəsində Birliyin daim Azərbaycan və Türkiyə arasında iqtisadi, ticari və sosial-mədəni əlaqələrin inkişafına töhfə verməyə səy göstərdiyini qeyd edərək aqrar sahədə fəaliyyət göstərən üzv Şirkətlərin üzləşdiyi çətinliklər və qarşıya qoyulmuş məqsədlər barədə məlumat verib.


Görüş çərçivəsində qardaş ölkə ilə Azərbaycan arasında mövcud əlaqələrin dövlət başçılarının müəyyən etdiyi hədəflərə çatdırılması məqsədilə görüləcək işlər, perspektiv birgə fəaliyyət istiqamətləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Sonda Türkiyə Səfirliyinin kənd təsərrüfatı məsələləri üzrə müşaviri Hakan Kalenderə ATİB adından xatirə hədiyyəsi təqdim edilib.

Paylaş
Baxış sayı:
Baxış sayı
17
Tarix:
Tarix
02/10/2025
WhatsApp icon