24 sentyabr 2025-ci il tarixində Türkiyənin Pazar Sənaye və Ticarət Palatasının (PTSO) nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.
Görüşdə ATİB İdarə heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvləri Rafiq Qarayev, Seymur Bünyatov, Katibliyin rəhbəri Mehriban Əsədli, PTSO İdarə Heyətinin sədri Nevzat Bayraktutan, iş adamları Recep Çelik və Ahmet Yaşar Kanberoğlu iştirak ediblər.
İlk öncə nümayəndə heyətinə ATİB-in fəaliyyəti barədə məlumat verən Mürsəl Rüstəmov Birliyin bu günədək türk iş adamları ilə əməkdaşlığı və onlarla yerli bizneslər arasında əlaqələrin inkişaf etdirilməsindəki rolundan bəhs edib.
Pazar Sənaye və Ticarət Palatasının 1991-ci ildə üzvləri arasında əməkdaşlıq və məlumatlılığı artırmaq məqsədilə təsis olunduğunu qeyd edən Nevzat Bayraktutan təşkilatın eyni zamanda üzvlərinin beynəlxalq bazarlara çıxışı və Pazar bölgəsinin sosial-iqtisadi inkişafına töhfə verməyə səy göstərdiyini bildirib.
Nümayəndə heyətinin üzvləri ilə tanışlıqdan sonra Azərbaycan və qardaş ölkədə sənayeyə yatırım imkanları, işğaldan azad edilmiş Qarabağ iqtisadi zonasında həyata keçirilən, layihələndirilən və perspektiv layihələr, o cümlədən Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında xarici investorlar üçün nəzərdə tutulan güzəştlər, eləcə də tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra Pazar Sənaye və Ticarət Palatası ilə Azərbaycan-Türkiyə İş Adamları Birliyi arasında “Qardaş Palata Protokolu” imzalanıb.
Bu önəmli əməkdaşlığın məqsədi qarşılıqlı əlaqələri gücləndirmək, iki qurumun məlumat və təcrübələrindən istifadə edərək həyata keçirilən fəaliyyətlərin və planlaşdırılan layihələrin keyfiyyət və səmərəliliyini artırmaqdır.